Aprelin 23-də Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, üç gün davam edəcək festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Xalq Artisti Murad Adıgözəlzadə, həmçinin Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub. Eyni zamanda, Xalq Artisti Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edəcək.
Qeyd edək ki, festival Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilməklə yanaşı, ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.
1news.az