İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki Bakıya gələcək.
1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, çılğın rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış italyan biznesmen və filantrop paytaxtımıza 5-6 may tarixlərində öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq təşrif buyuracaq.
Çox yaxında festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə pozitiv və həyat dolu Vakki Bakı tamaşaçılarını öz sürprizi ilə sevindirəcək.
Məşhur italyan C.Vakki ilə görüş – bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir səbəb sayıla bilər!
Qeyd edək ki, Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. BSF ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.
Festival iştirakçılarının (sahibkarların) xüsusi “Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.
Festival zamanı çoxlu sayda əyləncəli tədbirlərin – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr sayəsində festival əsl bayrama çevriləcək.
1news.az