Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Prowein” sərgisində nümayiş olunub.
1news.az-ın məlumatına görə, bu, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi “Prowein” sərgisində
Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, “Prowein”nin internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi buraxılış yayımlanıb.
“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsullarımız barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən video çarx nümayiş olunub, ölkəmiz haqqında müxtəlif çap materialları paylanıb.
Sərgi çərçivəsində Litvada şərab məhsullarının distributorluğu ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək.
Qeyd edək ki, “Prowein” sərgisində müsabiqə əsasında seçilmiş 9 Azərbaycan şirkəti iştirak edib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə hazırlanmış “Made in Azerbaijan” vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq dövlət tərəfindən qarşılanıb.
1news.az