Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda “DOS-84” adlanan yaşayış ərazisinə baxış keçirilib.
Baxış zamanı 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək götürülüb və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib. Nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 002 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 283 380 kv.m ərazi (476 269 kv.m əl ilə, 348 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 345 611 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az