Bu ilin yanvar ayı ərzində Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayından çox olub.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə məluat verilib.
Komitədən bildirilib ki, cari ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.
2017-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6,1 min nəfər və ya 0,1 faiz artıb. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.
Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.
Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır.
2017-ci ilin yanvar ayında ölkədə 6,1 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 7,4 təşkil edib.
Cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.
1news.az