Dövlət Sərhəd Xidməti tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkünlüyü ilə əlaqədar xidməti fəaliyyətin gücləndirilməsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirlər nəticəsində 2017-ci il martın 21-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.
Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmasına vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.
Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1news.az