Martın 19-da Nəsimi rayonunda, 3-cü mikrorayon ərazisində dövlətin güzəştli maliyyə dəstəyi ilə “Agromall Yaşıl Market” yarmarkasının açılışı olub.
1news.az-ın məlumatına görə, açılış mərasimində Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak ediblər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkanın açılışının böyük əhəmiyyət daşıdığını bildirərək qeyd edib ki, məqsəd istehsalçıların bazara birbaşa çıxışının təmin olunmasından ibarətdir.
Qeyd olunub ki, yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunub.
Yarmarkada yerlər fermerlerə heç bir ödəniş olmadan verilir. Bu isə fermerlərə öz məhsullarını əhaliyə daha ucuz qiymətə çatdırmağa imkan verir. Vətəndaşlar isə keyfiyyətli məhsulları birbaşa istehsalçıdan almaq imkanı qazanırlar. Beynəlxalq təcrübədə geniş tətbiq olunan belə yarmarkalar fermerlər tərəfindən də müsbət qarşılanır.
Belə yarmarkalar səmərəli olacağı təqdirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə onların genişləndirilməsi və digər ərazilərdə də açılması nəzərdə tutulur.
1news.az