Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz şəhərində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 300 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 19 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 992 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 247 709 kv.m ərazi (466 170 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az