Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 17-də Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.
DQİDK-dən 1news.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunacaq. Qəbul Şabran şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev pr, 60/A) saat 10:00-da keçiriləcək.
Qəbula yazılanların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi və sair məsələlərlə bağlıdır.
Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamına əsasən, İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasında rolu, dünyada həmrəyliyin təmin olunmasında əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfranslar keçirir.
Tədbirlər Planı çərçivəsində növbəti konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 17-də keçiriləcək. Konfrans Şabran Rayon Mədəniyyət Sarayında saat 11:00-da başlayacaq.
Konfransda DQİDK-nın, Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak edəcəklər.
Tədbirdə, həmçinin dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunacaq.
1news.az