Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Kubadakı səfirliyi və Kubanın Radio və Televiziya Təşkilatının birgə dəstəyi ilə “Havana” televiziya kanalı Azərbaycanın tarixi və mədəniyyətinə həsr edilmiş “Odlar Yurdu Azərbaycan” on hissədən ibarət sənədli filmin çəkilişlərinə başlayıb.
1news.az-ın məlumatına görə, sənədli filmin ilk hissəsinin xalqımızın əziz bayramı olan Novruz bayramına həsr edildiyini nəzərə alaraq, 2017-ci ilin fevralın 21-dən başlayaraq Azərbaycanda bayram şənlikləri ilə qeyd edilən hər çərşənbə axşamlarında Kubanın televiziya və radio kanalları vasitəsi ilə reportajlar yayımlanır və Novruz bayramının adətləri geniş təbliğ edilir.
Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edilməsi ilə bağlı həyata keçirilən hazırkı layihə çərçivəsində 2017-ci ilin mart ayının 14-də Kubanın “Havana” televiziya kanalının gün ərzində efirə getmiş xəbərlər verilişlərində Azərbaycanda İlaxır və ya Torpaq çərşənbəsinin adətlərindən bəhs edən növbəti reportaj nümayiş etdirilib.
Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri də başda olmaqla bütün Azərbaycan xalqının hər il böyük sevinclə Novruz bayramını qarşıladığı vurğulanıb. Bildirilib ki, hazırda odlar yurdu Azərbaycanda sülhsevər mədəniyyəti və təbiət sevgisini özündə əks etdirən Novruz bayramının gəlişindən xəbər verən sonuncu Torpaq çərşənbəsi qeyd edilir.
Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Havana televiziya kanalına müsahibəsində Novruz bayramının çərşənbə axşamları və xalqımızın özünəməxsus adətləri və inancları haqda bəhs edib.
Novruz bayramının Azərbaycan xalqına məxsus adətləri haqda reportajların Kubanın televiziya və radio kanalları vasitəsi ilə yayımlanması davam etdirilir.
Havana kanalında martın 14-də efirə getmiş İlaxır Çərşənbə haqda növbəti televiziya reportajını aşağıdakı videoda izləyə bilərsiniz:
1news.az