Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib.
1news.az-ın məlumatına görə, budəfəki görüşdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib.
Tədbirdə millət vəkilləri, media rəhbərləri, tanınmış yazarlar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib.
Professor Ş.Hüseynov mühazirəsində Azərbaycanın görkəmli bəstəkarı, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfəsindən danışıb.
Ş.Hüseynov bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində böyük izlər qoymuş Üzeyir Hacıbəyli alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutub və onun yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub.
Professor qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi mədəniyyəti, musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq (YUNESKO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il “Üzeyir Hacıbəyli ili” elan olunub, haqqında çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr çap edilib.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
1news.az