Xırdalan şəhərində beş nəfərin dəm qazından boğulması ilə bağlı cinayət işi açılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib.
Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qızdırıcı qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
14:50
Xırdalan şəhərində 5 nəfər dəm qazından boğulub.
1news.az APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.
Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.
Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.
Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az