Martın 14-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
1news.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirəni DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov açaraq qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam aləmində həmrəyliyə, birliyə nail olmaqla yanaşı, beynəlxalq arenada sivilizasiyalar arasında həmrəyliyə də müsbət təsir göstərəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini S.Salahlı ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib.
O bildirib ki, ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan S.Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov və başqaları çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1news.az