Martın 12-nə keçən gecə Goranboy rayonunun Qaraçinar kəndində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.
1news.az lent.az istinadən xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 46 yaşlı Natiq Qafarov həmkəndlisi, 51 yaşlı Mübariz Məmmədovu öldürərkən hər iki şəxs sərxoş vəziyyətdə olub.
Bildirilir ki, Kəlbəcər rayonunda qonşuluqda yaşayan şəxslər məcburi köçkün həyatı zamanı da qonşuluqda yaşamalı olublar və onlar uzaq qohum olublar. Dünən gecə saat 23:30 radələrində M.Məmmədov qonşusunun evinə gəlib. Bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə vaxtı N.Qafarov sobanın üzərindəki kərpiclə evinə gələn şəxsin başına zərbələr endirərək onu öldürüb.
M.Məmmədovun qonşusunun evinə niyə gəlməsi, onlar arasında münaqişənin hansı səbəbdən baş verməsi araşdırılır.
Bu arada o da məlum olub ki, hadisə vaxtı N.Qafarovun ailə üzvləri Göygöldə olub. Bu gün onun nəvəsinin kiçik toy məclisi olacaqmış və həyat yoldaşı bir neçə gün əvvəldən qızının Göygöldəki evinə gedib. N.Qafarov da bu gün ora getməli imiş.
N.Qafarov hadisədən sonra könüllü olaraq polisə təslim olub.
1news.az