İsmayıllı rayonunda partlayış hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, bir nəfər şəxs çayxanaya daxil olaraq əlindəki partlayıcı vasitəni insanların üstünə ataraq qaçıb.
Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1news.az