Ucar rayonunda “Azəravtoyol” ASC tərəfindən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisinə başlanılıb.
1news.az-ın ASC-nin saytına istinadən verdiyi xəbərə görə, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,5 kilometr, mövcud eni isə 6-7 metr təşkil edir. Tikinti işləri zamanı yolun eni 10 metrə qədər genişləndiriləcək.
Hazırda yol yatağının yararsız qruntunun çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Üç yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, hərəkət hissəsinin eni 6 metr, yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub.
Eyni zamanda, əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötürücü borunun quraşdırılması işləri də aparılır.
Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfüqi nişanlama xətləri çəkiləcək.
Qeyd olunub ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq. Bu isə öz növbəsində həmin ərazinin insanlarının həyat şəraitinin yüksəlməsinə hesablanıb.
1news.az