Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Şamil Mustafayevdir.
Şamil Mustafayev 1993-cü ildə Gəncə şəhərində anadan olub. İbtidai təhsilini 4 nömrəli tam orta məktəbdə, ümumi orta və tam orta təhsilini isə Gəncə Özəl Türk Liseyində alıb. Tam orta təhsilini başa vurduqdan sonra 2010-cu ildə Bolqarıstanda yerləşən Amerikan Universitetinə qəbul olunub və orada kompüter elmləri və informasiya sistemləri üzrə ikili ixtisasla bakalavr pilləsini bitirib.
Bakalavr təhsilinin bir semestrini mübadilə proqramı ilə ABŞ-ın Vermont Universitetində keçirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Niderland Krallığının Eyndhoven Texnologiya Universitetində (TU/e) biznes informasiya sistemləri üzrə magistratura təhsili alır, sonuncu kurs tələbəsidir.
- Orta məktəb illərində uğurlarınız. Daha çox hansı fənlərə maraq göstərirdiniz?
- Orta məktəbdə əsasən riyaziyyat, kimya və ingilis dili fənlərinə maraq göstərirdim. IX və X siniflərdə kimya və ingilis dili üzrə şəhər birinciliyinin qalibi olmuşam. İlk müəllimlərimi çox gözəl xatırlayıram və fürsət düşdükcə onları ziyarət edirəm. Müəllimlərim mənim təhsilimdə böyük pay sahibidirlər və onları unutmaq günah olardı. Bu günə kimi qazandığım bütün nailiyyətlərə görə öz sahələrində güclü savada malik olan müəllimlərimə borcluyam.
- Sizdə ixtisasınıza maraq necə və nə vaxtdan yarandı?
- Orta məktəbdə kimya olimpiadasında mütəmadi iştirak etdiyim üçün kimyaçı olmağı düşünürdüm. Bundan əlavə, təhsilimi xaricdə davam etdirmək istəyirdim. Ancaq 2010-cu ildə Amerikan Universitetinə daxil olduqda bu iki istəyimin birindən keçməli idim, çünki həmin universitetdə kimya ixtisası mövcud deyildi. Uşaqlıqdan da digər marağım kompüterlərə idi və beləcə kompüter elmləri üzrə təhsil almağı qərara aldım.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Məktəbdə ingilis dilinə marağım böyük idi. Məktəbdən sonra isə dil kurslarına gedirdim. IX sinifdən isə xaricdə təhsillə maraqlanmağa başladım. Orada müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr tapdım və onlarla mütəmadi danışmağa başladım. Beləcə bu istək daha da böyüdü və 2010-cu ildə xaricdə təhsil almağa yollandım. Qəbul sənədi aldıqda, açığı, valideynlərim çox tərəddüd edirdi. Yad və uzaq ölkə, fərqli mədəniyyət, sosial ortam və maliyyə. Ancaq xaricdə təhsil almağımın gələcəyim üçün nə qədər önəmli olduğunu valideynlərimə izah etdikdən sonra razılaşdılar. Bu müddət ərzində ingilis dili müəllimim və ailə üzvlərim əsas dəstəkçilərim idi.
- Dövlət Proqramına qəbul olunmanız xəbərini necə qarşıladınız?
- Dövlət Proqramına qəbul olmağımı böyük sevinclə qarşıladım. Niderlandda təhsil xərcinin yüksək olduğunu nəzərə alsaq təqaüdsüz orada təhsil almağım qeyri-mümkün idi. Dövlətimizin gənclər üçün belə imkan yaratması mükəmməl addımdır. Bu proqramın müsbət tərəfləri çoxdur. Birincisi, güclü mütəxəssis olmağa savadı və qabiliyyəti olub, maliyyə imkanı olmayan gənclər üçün əla fürsətdir. İkincisi, Azərbaycan gənc ölkə olduğu üçün bəzi ixtisaslar yeni-yeni inkişaf etməyə başlayır, ancaq Avropa və Amerika təhsil sistemində bu ixtisaslar çox inkişaf edib. Belə ixtisaslara əsasən texnologiya ilə bağlı olan sahələr aiddir. Buna görə də Dövlət Proqramı bu ixtisaslar üzrə xaricdə təhsil alıb təcrübə toplamaq üçün mühüm bir proqramdır. Üçüncüsü, bu proqram vasitəsilə əcnəbi ölkədə təhsil alarkən oranın ən yaxşı təcrübələrini götürüb gələcəkdə Azərbaycanda tətbiq etmək mümkündür. Dördüncüsü isə ümumilikdə xaricdə təhsil insanın öz inkişafı üçün müsbət haldır.
- Təhsilimizdə gedən son proseslərə münasibətiniz necədir?
- Təhsilimizdə gedən son prosesləri yaxından izləyirəm. Xaricdə təhsil alan güclü mütəxəssislərin Azərbaycan universitetlərinə cəlb edilməsi müsbət haldır. Həmçinin məktəblər üçün mütəmadi olaraq yeniliklərin tətbiq olunması Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Ali məktəblərimizə gəldikdə isə, istərdim diplom işi yazan tələbələr bu işi şirkətlərdə yazsınlar. Bunun üçün isə universitetin ayrı-ayrı ixtisaslar üzrə müxtəlif şirkətlərlə sıx əlaqələri mövcud olmalıdır. Məsələn, bizim universitetdə 10 tələbədən 9-u istər bakalavr, istərsə də magistr pilləsi üzrə diplom işini şirkətdə yazır. Bu, bütün tərəflər üçün səmərəlidir. Şirkət pulsuz və ya kiçik pul müqabilində, tələbə vasitəsilə hər hansı mövzu barədə sualına cavab tapa və ya üzləşdiyi çətinliyi aradan qaldıra bilir. Universitet məzun etdiyi tələbənin real iş təcrübəsinə malik olmağına vəsilə olur və dünyaya öz töhfəsini vermiş olur. Tələbə isə bunun müqabilində həm təhsilinə dəstək üçün müəyyən məbləğdə pul qazanır, həm real iş təcrübəsinə malik olur, həm də diplom işini bitirdikdən sonra həmin şirkətdə qalıb işləmək şansı əldə edir.
- Tələbə həyatınız necə keçir? Mütaliəyə münasibətiniz?
- Tələbə həyatım tək təhsil almaqdan ibarət deyil. Asudə vaxtımı futbol oynamaqla, dostlarımla birgə gəzməklə, azərbaycanlıların toplaşdığı müxtəlif tədbirlərə qatılmaqla, Azərbaycanın mühüm dövlət bayramları və xüsusi günləri ilə bağlı universitetdə tədbirlər təşkil etməklə keçirirəm. Bundan başqa, Avropada futbol üzrə Azərbaycan milli komanda və klublarını dəstəkləyən azarkeş qrupunun (Milli Dəstə) həmtəsisçisi kimi mütəmadi olaraq idmançılarımıza dəstək oluruq. Mütaliəyə münasibətim yaxşıdır. Kitab oxumasam da, əsasən onlayn mütaliə ilə məşğul oluram. İxtisasıma aid yenilikləri müxtəlif onlayn portallardan oxuyuram. Həmçinin dünya siyasətinə marağım olduğu üçün tez-tez bununla bağlı xəbərləri oxuyuram.
- Niderland təhsil sisteminin üstünlükləri barədə nə deyə bilərsiniz?
- Niderland təhsil sisteminin bir çox üstünlükləri var. Niderland universitetlərinin istənilən pillə üzrə diplomu digər universitetlərin diplomu ilə ekvivalent sayılır. Yəni, Eyndhoven Texnologiya Universitetində bakalavr pilləsi üzrə məzun olan şəxslə, Delft Texnologiya Universitetinin eyni pillə və eyni ixtisas üzrə məzun olan şəxs bərabər savada malik olduğu kimi qəbul edilir. Buna görə də magistratura və ya PhD pilləsi üzrə istənilən Niderland universitetinə imtahansız qəbul ola bilir. Nəzəri biliklə yanaşı praktik biliyə də çox üstünlük verilir. Demək olar ki, bütün mühazirələrdə ən azı bir qrup layihəsi olur və bu layihə mövcud şirkətin real məlumatlarına əsaslanır. Bunun isə təcrübə baxımından gələcəkdə tələbənin hər hansı şirkətdə işləməsinə müsbət təsiri var. Oxuduğum ali təhsil müəssisəsi Niderlandın 2 ən güclü texnologiya universitetindən biridir. Mühəndislik və IT üzrə dünyanın top 100-lüyünə daxil olan bu universitet gələcəyin ən peşəkar mütəxəssislərini yetişdirməklə məşğuldur. Ali məktəb 2016-cı ilin nəticələrinə əsasən, universitet-şirkət əlaqələri nəticəsində hazırlanan tədqiqatların sayına görə Harvard Universitetini də qabaqlayaraq dünyada 1-ci yerə layiq görülüb. Burada dərs deyən ən məşhur riyaziyyatçı alimlərdən biri Edsger Deykstra olub. İxtisasım isə biznes informasiya sistemləridir (BİS). Bu ixtisas kompüter elmləri və sənaye mühəndisliyi kafedralarının birgə təsis etdiyi bir ixtisasdır. Bu ixtisasda daha çox informasiya sistemlərindən istifadə edilərək biznes proseslərinin təşkili, təhlili və optimallaşdırılması öyrədilir. Bu proqramın 2 illik olması isə əlavə üstünlükdür, çünki bu peşəyə tam yiyələnmək üçün yetərli qədər vaxt imkanı olur. Seçdiyim ixtisasın ən önəmli cəhətlərindən biri isə istənilən biznes prosesinin optimallaşdırılmasıdır. Sirr deyil ki, istər dövlət, istərsə də özəl şirkətlərdə həm maliyyə, həm də əməliyyatların aparılması istiqamətində optimallaşdırmaya ehtiyac var..
-Universitetdə müəllim-tələbə münasibətləri necə qurulub?
- Oxuduğum universitetdə müəllim-tələbə münasibətləri dərs zamanı interaktiv olur. Tələbə istənilən zaman müəllimi dayandırıb sual verə bilər. Bundan başqa bəzi vaxtlarda dərsi, qrupun bir tələbəsi keçir. Bunun üstün cəhəti isə həmin mövzunu digər tələbə yoldaşının prizmasından dinləyib daha asan qavramaqdır. Yeganə problem müəllimlərdən dərsdən kənar yardıma ehtiyac olduqda bir çox zaman məşğul olmaları və tələbəyə vaxt ayıra bilməmələridir. Məsələn, Azərbaycanda bu problemlə heç vaxt qarşılaşmamışam. Təəssüflər olsun ki, burada belə hal tez-tez baş verir. Səbəb kimi isə müəllimlərin digər tədqiqat işləri ilə məşğul olmasını göstərirlər.
-Universitetdə mühazirə və imtahan sessiyası necə təşkil olunur?
- Universitetdə mühazirələr digər universitetlərdə olduğu kimi standart təşkil olunur. Əsasən slayd təqdimatlarından istifadə edərək tələbələrə dərsi başa salırlar. Bəzi hallarda həftənin 1 dərs günü əvvəlki dərs günündə keçilən dərsin kiçik imtahanı təşkil olunur. Belə olan halda tələbə hər mövzunu mütəmadi oxuyur və son ana saxlamır. İmtahanlara nəzarət çox ciddi şəkildə olur. Telefonların çantanın içinə qoyulması tələb olunur. Nəzarətə isə əsasən yaşlı işsiz şəxslər cəlb olunur ki, bu da əmək qabiliyyətini itirmiş vətəndaşlara əlavə pul qazandırmaq məqsədi daşıyır.
- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz? Tələbələr üçün hansı imkanlar var?
- Xaricdə təhsilin üstünlükləri çoxdur. Xaricdə təhsil tələbənin dünyagörüşünü artırır, yad ölkədə sərbəst yaşamaq təcrübəsi qazandırır, yeni mədəniyyətlər öyrənmək, ingilis dilini inkişaf etdirmək və müxtəlif fərqli təcrübələr qazanmaq şansı yaradır. Həmçinin hər ölkənin öz ixtisaslaşmış sahəsi var və o sahə üzrə güclü mütəxəssislər yetişdirirlər. Əgər bir tələbənin müəyyən ixtisas üzrə xaricdə oxumaq arzusu varsa, mütləq o ixtisas üzrə güclü inkişafı olan ölkə və onun universitetini seçmək lazımdır. Böyük universitetlərin çox böyük kompasları olur ki, bu da tələbələrə dərsdən kənar özünü inkişaf etdirmək üçün əlavə imkanlar yaradır. Məsələn, universitetin bir çox idman növləri üçün bir neçə meydançası, üzgüçülük hovuzu və idman zalları olur. Azərbaycanda olduğu kimi, xarici universitetlərdə də tələbələr müxtəlif elmi tədqiqatlara cəlb olunur, onların biliklərindən və təcrübələrindən yararlanmağa çalışırlar. Bir çox belə elmi tədqiqatlar isə yeni innovativ məhsulun yaranmasına gətirib çıxarır ki, bu da həm universitet, həm müəllim, həm tələbə, həm də bəşəriyyət üçün hərtərəfli xeyirdir.
- Xaricdə təhsil sizin ümidlərinizi doğrultdumu? Qənaətləriniz necədir?
- Düşünürəm ki, xaricdə təhsil mənim ümidlərimi doğrultdu. Təbii ki, tam doğrultması üçün təhsilimi bitirib ixtisasım üzrə yaxşı iş yeri tapmaq önəmlidir. Ancaq düşünürəm ki, yaxşı mütəxəssis üçün iş yeri tapmaq heç də çətin deyil. Yetər ki, universiteti bitirən məzun ixtisası üzrə peşəkar mütəxəssis olsun və işləmək həvəsi olsun.
- Bir gənc olaraq Azərbaycanı Niderlandda təbliğ edə bilirsinizmi? Azərbaycanla bağlı hansı tədbirləriniz olub?
- Azərbaycan diasporası ilə sıx əlaqələrim var. Mütəmadi olaraq istər səfirlik, istərsə də diaspora təşkilatlarının keçirdikləri önəmli tədbirlərə qatılırıq, təşkilində kömək edirik. Bir çox yeni gələn tələbələr üçün uyğunlaşma müddətinə ehtiyac olduğundan onlarla əlaqə saxlamaq bəzi vaxtlarda çətin olur və əlaqə yarandığı zaman isə təhsilinin bitməsinə çox az zaman qaldığını müşahidə edirik. Buna görə də, tələbələr olaraq çalışırıq ki, bütün universitetlərdə ən azı 1 tələbə ilə mütəmadi əlaqədə olaq və yeni azərbaycanlı tələbələr gəldikdə, onları Azərbaycanın təbliğinə cəlb edək. Düşünürəm ki, Azərbaycanı yetərincə təbliğ edə bilirik. İstər təhsilimizlə, istər mədəniyyətimizlə, istərsə də bayram günlərində keçirdiyimiz müxtəlif tədbirlərlə.
20 Yanvar və Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım günlərində əsasən diasporanın təşkil etdiyi tədbirlərə qatılırıq. Keçən ilin aprel ayında ermənilər tərəfindən Azərbaycanın cəbhə bölgələrində yaşayan vətəndaşlarımıza qarşı olan təxribatla bağlı Haaqada yerləşən erməni səfirliyi önündə aksiyada iştirak etdik. Aksiyaya Niderland Krallığının müxtəlif universitetlərindən 50-yə yaxın tələbə də qatılmışdı. Bayram günləri ilə əlaqədar tədbirlərə gəldikdə isə, keçən ilin 28 may tarixində Eyndhoven Texnologiya Universitetində 2 tədbir keçirdik. Universitetin kitabxanasının girişində Azərbaycanın mədəniyyətini, tarixini, coğrafiyasını, xalçalarını, flora və faunasını, həqiqətlərini və digər mühüm cəhətlərini əks etdirən kitabçalar və bukletlərdən ibarət stend yerləşdirdik. Ümumilikdə stendə yüksək maraq var idi. Müxtəlif ölkələrdən tələbələr stendimizə yaxınlaşıb kitabçaları götürürdülər, suallar verirdilər.
-Gələcək planlarınız?
- Gələcək planlarım təhsilimi bitirib, Azərbaycan üçün güclü mütəxəssis olmaq, həm ölkəmizə, həm də bəşəriyyətə xeyir verməkdir. Təbii ki, olduğum yerdən asılı olmayaraq, Azərbaycanın təbliğini də davam etdirmək gələcək planlarıma daxildir.
1news.az