Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Komitədən 1news.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 146 dövlət əmlakı olmaqla 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb. Qeyd edək ki, hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
4 apreldə keçiriləcək yeni hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Sumqayıt şəhərində yerləşən “1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika”, Astara şəhərində yerləşən "Azərbaycan" kinoteatrı, Qusar rayonunda yerləşən “Qusar Tədarük Satış Bazası” və digərləri aiddir. Göstərilən keçidə daxil olmaqla həmin əmlaklar ilə yaxından tanış olmaq olar.
(http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1489)
Hərraca çıxarılan müəssisələr sırasında Ağsu Sənaye İnşaat, Daşkəsən Aqrotexservis, Əli Bayramlı Kəndnəqliyyat, Lənkəran Mebel, Zaqatala Fındıq kimi iri dövlət əmlakları var. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Bu dəfəki hərracda 21 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Sumqayıt şəhərində yerləşən 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikasıdır. Qeyd olunan bu əmlakın ilkin start qiyməti 412 min manatdır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 12-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Ağstafa və Kürdəmirdə yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 63 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 31 min manat start qiyməti təyin olunub.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
1news.az