Şəki sənətkarlarının qədim sənət ənənələrini davam etdirən şəbəkə ustası Hüseyn Hacımustafazadə artıq 30 ilə yaxındır ki, bu qədim el sənəti ilə məşğuldur, onu yaşadır, inkişaf etdirir.
1news.az Azərtac-a istinadən xəbər verir ki,15 yaşından ömrünü bu sənətə bağlayan Hüseyn usta şəbəkə sənətinə gətirdiyi yeniliklərlə nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda da yaxşı tanınır.
Əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, beynəlxalq sərgilərdə, festivallarda nümayiş etdirilir.
2009-cu ildə hazırladığı kürəşəkilli şəbəkə ilə bu sənətə yeni üslub, müasirlik gətirən şəkili sənətkar bu günlərdə daha bir yeniliyə imza atıb. Hüseyn usta Azərbaycanın ən qədim musiqi alətlərindən olan kamançanın çanaq hissəsini kürəşəkilli şəbəkə üsulu ilə hazırlamaqla, qədim musiqi alətimizə yeni bir forma, gözəllik verib.
Hüseyn Hacımustafazadə bildirib ki, bu ideya onda Azərbaycan muğam ifaçılığının, həmçinin tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra yaranıb. Əsas məqsədi odur ki, muğam ifaçılığında istifadə olunan qədim milli musiqi alətlərimizdən olan tar, kamança və qavalı şəbəkə üsulu ilə hazırlamaqla, Azərbaycan şəbəkə sənətinin zənginləşməsinə, daha geniş təbliğinə öz töhfəsini versin.
Şəbəkə sənətinin incəlikləri barədə danışan Hüseyn usta deyib: “Əsrlərboyu şəbəkə düz lövhə şəklində hazırlanıb. 2009-cu ildə hazırladığım kürəşəkilli şəbəkə ilə bu sənətdə yeni üslub yaratdım. Dünyada bənzəri olmayan kürəşəkilli şəbəkəm 2012-ci ildə TÜRKSOY tərəfindən keçirilən beynəlxalq festivalda birinci yerə layiq görüldü. Bu üslubu bir az da təkmilləşdirərək, “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində yarışların rəmzi simvolu olan narı kürə şəklində hazırladım. Qarşıdan “Bakı-2017” İslam Həmrəyliyi Oyunları gəlir. Bu mötəbər yarışda iştirak etmək üçün Azərbaycana 50-dən artıq ölkənin idmançıları və nümayəndələri, eləcə də çoxlu sayda xarici qonaq, turist gələcək. Mədəni irsimizi, o cümlədən şəbəkə sənətimizi təbliğ etmək üçün çox yaxşı fürsətdir. İstəyirəm ki, Oyunlara qədər muğam üçlüyünə daxil olan musiqi alətlərimizi kürəşəkilli şəbəkə üsulu ilə hazırlayım və gələn qonaqlara nümayiş etdirim”.
Hüseyn Hacımustafazadə şəbəkə-kamançanın hazırlanmasına 2 aya yaxın vaxt sərf edib. Kamançanın çanaq hissəsinin quraşdırılmasına 600-dən çox detal və rəngli şüşə işlənib. Bu hissələr yapışqan və mismardan istifadə olunmadan, ustanın özünün ixtira etdiyi üsulla bir-birinə birləşdirilib. Kamançanın çanaq hissəsini istənilən vaxt sökmək və yenidən yığmaq mümkündür.
Şəbəkə ustasının musiqi alətləri düzəltmək sahəsində təcrübəsi olmadığı üçün kamançanın digər hissələrinin hazırlanmasında ona peşəkar tar ustası Mahir Vələdov kömək edib. Qeyd edək ki, şəbəkə-kamançanın səslənməsi digər alətlərdən heç də fərqlənmir.
Hüseyn Hacımustafazadə yeni əsərini qeydiyyatdan keçirmək üçün iki gün əvvəl Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə müraciət edib.
Hazırda Hüseyn usta şəbəkə-tar üzərində işləyir. Alətin eskizləri artıq hazırdır və tezliklə detalların işlənilməsinə başlanılacaq. Ustanın dediyinə görə, tarın hazırlanması kamançaya nisbətən çətin olacaq və iki ay vaxt aparacaq. Sonra isə qaval hazırlanacaq. Şəbəkə ustası musiqi alətlərinin hər üçünü İslam Həmrəyliyi Oyunları vaxtı keçiriləcək sərgilərdə nümayiş etdirməyi düşünür.
1news.az