Xəbərlər

Debat nədir? Demaqoqluq, yoxsa həyat tərzi? - Araşdırma
02 mart, 2017 09:40

Bir çox yerlərdə “Filankəs danışa bilmir”, “Özünü ifadə edə bilmir”, “Danışıq qabiliyyəti zəifdir”, “Söz ehtiyatı azdır” kimi sözləri tez-tez eşidirik. Bəziləri müzakirə etmək qabiliyyətinin az olmasından, bəziləri isə fikrini qarşısındakına çatdıra bilməməsindən şikayətlənir.

Bunun bir çox səbəbləri ola bilər - yetişdiyimiz mühit, təhsil səviyyəsi, ailə həyatı və s. Amma bu səbəbləri uzatmaq da olar.

Bəziləri də buna çıxış yolu tapmaq üçün müxtəlif yollar istifadə edirlər. Bunlardan biri debatdır.

Bir çoxları bu barədə məlumatsızdır. Bəziləri onu boşboğazlıq, höcətləşmək, özünü yekə aparmaq, çoxbilmiş görünmək kimi adlandırır, bəziləri isə həyat tərzi, fəlsəfə, məntiqi təfəkkürün inkişafı adlandırır. Bu gün sizə dünyada məşhur olan və Azərbaycanda da müəyyən auditoriyası olan debat haqqında danışacağıq. Mövzumuzu suallara cavab tapmaqla izah etməyə çalışacağıq.

Debat nədir?

Debat - özündə mübahisə, müzakirə, ziddiyyət, hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.

Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur.

Debat harada istifadə edilir?

Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.

Debatın yaranma tarixi

Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş verib.

Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranıb. 1726-cı ildə ruhani Con Henli ictimai təqdimat bacarığının təkmilləşdirilməsi məqsədilə Natiqlik qurumu təsis edib. Henli ilk debat klub məkanının yaradıcısı hesab olunur.

Debat mövzuları dövlət siyasətindən tutmuş sevgi və evlilik məsələlərinə qədər geniş sahəni əhatə edirdi.

İlk tələbə debat cəmiyyəti 1794-cü ildə yaradılmış San Andreas Debat Cəmiyyəti olub. Bu günə qədər davamlı şəkildə fəaliyyət göstərən ilk tələbə debat cəmiyyəti isə 1815-ci ildə əsası qoyulmuş Kembric Birlik Cəmiyyətidir.

Təhsildə debat

Yarış xarakterli debatlar. Belə debatlarda komandalar yarışır və bunlardan biri hər hansı kriteriyaya görə qalib elan olunur. Yarış xarakterli debatların müxtəlif mövzulu və reqlamentli növləri mövcuddur. Burada əsas məqsəd gəncləri gələcəkdə əhəmiyyətli müzakirələr aparma və problemlərin həlli üçün qərar qəbul etmə bacarıqlarına alışdırmaqdır.

Yarış debatları lokal, ümumxalq və beynəlxalq səviyyədə keçirilir. Orta və ali məktəblərdə debatlar müəyyən edilmiş reqlamentə uyğun aparılır və onlara bir və ya bir neçə hakim tərəfindən nəzarət edilir. Hər bir tərəf qalib gəlməyə çalışır. Tərəflər ya verilən bəyanatın tərəfində, ya da əleyhində dayanır. Təsdiq edən tərəf öz təkliflərini müdafiə üçün debat aparır, inkar edən tərəf isə verilən arqumetləri təkzib etməyə çalışır.

Debatın formatları

Debatın müxtəlif ölkələrdə oynanılan ümumilikdə 15-dən çox növü var. Lakin biz Azərbaycanda məşhur olan 2  növü haqqında məlumat verəcəyik.

Karl Popper Debatı (KPD - Məktəblərdə və Universtetlərdə oynanılan debat formatı) Karl Raimund Popper tərəfindən yaradılıb.

Karl Popper Debatı mülahizə yürütmək və dərkedici düşünmək bacarığını inkişaf etdirən təhsil proqram kimi yaranmışdır. Karl Popper debat fomatında hər komandada üç spikerin iştirakı nəzərdə tutulur ki, bu da iştirakçılara həm debata hazırlıq vaxtı, həm də debat zamanı birgə işləmək imkanı yaradır.

“Ola bilər ki sən səhv edirsən, ola bilər ki mən səhv edirəm, ancaq biz yalnız bir yerdə həqiqətə yaxınlaşa bilərik” – Karl Popper.

Parlament Debatı (PD – Universtetlərdə oynanılan debat formatı)” – Britaniya parlamentindəki debat prinsipləri əsasında qurulub.

Bir komanda (hökumət), digər komanda isə loyal (müxalifət) təmsil edir. Parlamentin spikeri hadisələrin gedişini idarə edir və hakim rolunda çıxış edir. Debatın bütün iştirakçıları ona “Cənab Spiker” və ya “Xanım Spiker” deyə müraciət etməlidirlər. Hər komanda iki nəfərdən ibarətdir (Bu Parlament debatının Amerika formasıdır). “Hökumət” komandası “Baş Nazir” dən və “hökumət üzvü”ndən ibarət olur, bəzən onu “tac naziri” də adlandırırlar. “Müxalifət” komandası “Müxalifət Lideri” ndən və onun bir “lider üzvü”ndən ibarət olur.

Parlament debatı Linkoln – Douglas debatı ilə siyasi debatın kombinasiyasıdır. Digər növlərdən fərqli olaraq parlament debatında “Hökumət” tərəfi təyin olunmuş problem sahəsi üzrə “qanun layihəsi” irəli sürür və Spikeri/Hakimi inandırmağa çalışır. “Müxalifət” tərəfi isə bu “qanun layihəsi”ni təkzib edir.

Debat nə qazandırır?

- Araşdırma bacarığı;

- Auditriya qarşısında sərbəst çıxış etmək;

- Məntiqi təfəkkürün inkişafı;

- Fikri düzgün çatdırmaq bacarığı;

- İnandırma və təqdimetmə bacarığı.

Debatın 4 prinsipi

- Öyrənməyi öyrənmək – hər bir mövzu araşdırılır və bu mövzular haqqında informasiyalar əldə olunur. Nəticədə araşdıran insan öyrənmiş olur və araşdırmağı öyrənir. Bu isə öyrənməyi öyrənməkdir.

- Aydınlıq – deyilən fikri, sübutu aydın, sadə dildə söyləmək lazımdır.

- Düzgünlük – inandırmaq, üstün gəlmək naminə yalnış, özündən qurulmuş məlumatlara, fikirlərə əsaslanmaq olmaz.

- Hörmət – rəqib tərəfə hörmət, müxtəlif fikirlərə, rəylərə, verilən qiymətlərə dözümlük; tənqid yox, dinləyib, təhlil etmək “zəif” yerləri tapmaq və diqqətini onlara cəlb etmək; rəqib tərəfinin çıxışını axıra qədər dinləmək, sözünü kəsməmək, təhqiredici çıxışlara yol verməmək, şəxsiyyətə toxunmamaq və s. debatda hörmət prinsipinin əsasını təşkil edir.

“Debat” Təhsil Proqramının məqsədi vətəndaşları, xüsusi ilə gəncləri, sadəcə olaraq, mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.

Azərbaycanda debatın tarixi

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) öz fəaliyyətinə Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

DVC-nin Milli Debat Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər il mütamadi olaraq həyata keçirilən “Respublika Gənclər Debat Forumu” Ölkənin 11 regionunu (Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmaillı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam və Sabirabad rayon və şəhərləri) əhatə edir.

Forum 2000-dən çox gənci özündə birləşdirir. Hər bir regionun ali təhsil müəssisələrdə təlimlərlə yanaşı, daxili və regional turnirlər həyata keçirilir.

Artıq 19 ilə yaxındır fəaliyyət göstərən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 60 təhsil müəssisəni əhatə edərək, 40000 debatçını özündə birləşdirib.

Belə müəssisələrdən biri də Bakı Avropa Liseyidir. Liseyin debatla tanışlığı cəmi üç ildir. Lakin bu qısa müddətdə onlar müxtəlif turnirlərin qalibi, xüsusilə fevralın 18-də baş tutan son turnirdə çempionu olublar.

Yazımızın bundan sonrakı hissəsində Bakı Avropa Liseyinin Debat klubunun fəaliyyətindən bəhs edəcəyik.

Liseydə Debat klubunun formalaşdırılmasında, şagirdlərə daim dəstək verən şəxslərdən biri İradə müəllimə olub. İradə Səmədova - Bakı Avropa Liseyinin ingilis dili müəllimi, həmçinin liseyin Debat klubunun koordinatorudur.

İradə xanım deyir ki, liseydə ilk dəfə Debat klub yaratmaq təşəbbüsü 2014-cü ildə olub. Klubu yaratmaq isə liseyin məzunu, Azərbaycan Dövlət Neft və Sənaey Universitetinin tələbə debatçısı Məhəmməd Səmədova həval olunub.

“Direktorumuz Zülfiyyə Veysova bu işdə bizə çox dəstək verdi. Düzdür, ilk başlarda əks münasibət göstərənlər də var idi. Amma biz bunlara baxmayaraq işimizin öhdəsindən gəldik. İlk təlimlərimizdə 8 nəfər olub. Lakin sonradan debata maraq göstərənlərin sayı çoxalmağa başladı.

Artıq sevindirici haldır ki, bizim yetirmələrimiz müxtəlif universitetlərdə Debat klublarının sədri, həmçinin fərqlənən tələbələrdirlər”.

Liseyin Debat klubun ilk sədri, 11-ci sinif şagirdi Aysu Məcidli məktəbdə debatdan öncə müxtəlif layihələrdə və təlimlərdə iştirak etdiklərini, nəticədə debatçı olmaq üçün yaxşı potensial yarandığını deyib.

O, 3 il öncə liseydə Debat klub yarandığı vaxtları belə xatırlayır:

“Əslində biz daha öncə müxtəlif layihələrdə iştirak etdiyimiz üçün debata tez uyğunlaşdıq. Bundan sonra klub yaratmaq qərarına gəldik. Nəticədə Azərbaycanda ilk məktəbli Debat klubunu da Bakı Avropa Liseyi yaratmış oldu”.

Aysu debat təlimləri üçün şagird seçimlərini hansı formada apardıqları barədə də məlumat verib:

“Biz 7-ci sinifdən etibarən şagirdləri debata cəlb etməyə başladıq, onlara müxtəlif suallara verərək bilik və bacarıqlarını, məntiqi düşüncə qabiliyyətlərini yoxlayırdıq. Seçimlərdə sonra ilk təlimlərimizə cəmi 8 nəfərlə başladıq. Vaxt keçdikcə bu rəqəmə 60-ı ötdü. Hazırda bizim debat klubumuzda daxili turnirlər də keçirilir”.

Liseyin debatçısı Mənsurə Məhərrəmova debata qoşularkən qarşılaşdığı çətinliklərdən danışıb. O deyir ki, öncə debat barədə evlərində məlumat vermək məcburiyyətində qalıb:

“8-ci sinifdə oxuyurdum. İlk başlarda mənim üçün çox çətin gəlirdi. Təlimlərdən gec çıxırdım, evə 10-11-də çatırdım. Valideynlərim narahat olmağa başlayırdılar.

Onlar bunun boş bir şey olduğunu, gələcəkdə faydasının olmayacağını hesab edirdilər. Buna görə də təlimlərə getməyimi istəmirdilər. Məcbur olub məşqçimizi vasitəçi olaraq seçdim (gülür). O valideynlərimlə danışdı və ondan sonra təlimlərə davam etdim.

Həmin il mən liseyin daxili turnirinin qalibi, həm də ən yaxşı spikeri seçildim. Lakin evdəki çətinliklər yenə də davam edirdi (gülür). Amma zaman keçdikcə evdəkilər də mənimlə razılaşmağa başladılar. Bildilər ki, nə qədər mübarizə aparsalar da, mən yenə də debatla məşğul olacağam”.

Lisey Debat klubunun hazırki sədri, 11-ci sinif şagirdi Nihad Əliyev klubun geridə qalan dövrdəki fəaliyyəti və gələcək planları barədə məlumat verib.

Nihad deyir ki, klub yaradığı il çempion olmağı bacarıb:

“Bakı məktəblərarası, Respublika məktəbələrarası, ADA-da keçirilən turnirlərin qalibi olmağı bacarmışıq. Debatçılarımız turnirlərdə ən yaxşı spikerlər olub. Bizim bundan sonrakı məqsədimiz uğurları davam etdirmək, keyfiyyəti daha da yüksəltməkdir. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Bəziləri debatı həyat tərzi olaraq görür. Biz də elə şagirdləri tapıb debata qazandırmağa çalışırıq”.

Klub sədri Karl Popper Debat formatından başqa, Parlament Debatını liseydə daha da inkişaf etdirmək, həmçinin müəyyən günlərdə dəyirmi masa debatları keçirtməyi hədəflədiklərini söyləyib.

Klubun sədr müavini, 10-cu sinif şagirdi Nərgiz Əli Parlament Debatı yarışlarında iştirak edir. Amma KPD formatında çıxış etməyin də ona rahat olduğunu deyir.

Nərgiz debatı özü üçün həyat tərzi kimi seçib. O deyir ki, hansısa konfliklə üz-üzə qalanda daha məntiqi yolla həll etməyə çalışır:

“Bəzi insanlar var ki, onlar konflikt zamanı özlərində çıxırlar, arqument gətirə bilmirlər və fikirlərini əsaslandıra bilmirlər. Əsaslandırma edə bilsələr konflikti həll edə bilərlər. Debat mənə özümü ifadə etməyi və qarşımdakı insanı öz nitqimə cəlb etməyi öyrətdi. Debat yalnız bir oyun deyil, həyatda da hansı nüanslarda həm də çıxış yoludur. Bəzən məktəbdə müəllimlərlə, şagirdlərlə, evdə validyenlərlə, ya da dostlarımla müzakirə edəndə debatın üstünlüklərindən faydalanıram. Nəticə etibarilə debat fərdi inkişafdır”.

Nigarın sözlərinə görə, debatçılar daha çox fikir irəli sürdükləri üçün bəzən onları başqaları “demaqoq” (boşboğaz) adlandırırlar. Amma Nigarın fikrincə hər kəs öz fikrini ifadə etməyi bacarmalıdır:

“Debatın hörmət prinsipini qorumaqla qarşımdakı şəxsin kimliyindən asılı olmayaraq öz fikrini ifadə etmək lazımdır”.

Nərgizin bacısı Nigar da debatçıdır. 8-ci sinifdə oxuyan Nigar 1 ildir Debat kluba üzv olub. Cəmi 2 turnirdə oynayan Nigar çox da debat təcrübəsinin olmadığını deyir:

“Debat mənim sinif yoldaşlarımın çoxunu cəlb etməmişdi. Amma mən qoşulandan sonra diqqətimi cəlb etdi. Amma ilk başlarda az qalmışdı ki, debatdan uzaqlaşacaq idim (gülür). Turnirə çıxacaqdıq, təlimçi mənə dedi ki, 2-ci spiker olum.

Mən də 1-ci spiker olmaq istədiyim üçün əsəbiləşdim və təlimlərdən çıxdım. Sonra iş elə gətirdi ki, spiker çatışmazlığı oldu və mənə 1-ci spiker olmağımı dedilər. Mən də qbəul etdim və yarışa çıxdım. Həmin yarışda bacım 1-ci yer, mən isə 2-ci yer oldum.

Hazırda anlayıram ki, debat qədər məntiqi inkişaf etdirən ikinci məşğuliyyət tanımıram. Debat sayəsində həm dünyagörüşü, həm də söz ehtiyatımız artır. Yeni sözlərlə tanış oluruq və tez-tez istifadə etməyə başlayırıq”

Liseyin Debat klubunun daha bir üzvü, 10-cu sinif şagirdi Məmmədli Hikmət debatın onlar üçün bir şans olduğunu bildirir:

“Debat sayəsində fərdi keyfiyyətlərimizi artırırıq. Kluba yeni qoşulan debatçılarda da istək və həvəs görürük. Çalışırıq ki, yeni gələn debatçılara da əlimizdən gələn bütün dəstəyi verək. Bəzi mövzular olur ki, araşdırmaqda çətinlik çəkirik. Məntiqi təfəkkürə deyil, daha çox kağız faktlara əsaslanan mövzular daha çox çətin olur. Amma buna baxmayaraq mövzunu araşdıraraq çıxış etməyi bacarırıq”.

Liseyin daha bir məzunu, hazırda ADA universitetində Debat cəmiyyətinin sədri olan Ümid Mahmudov debatda qazanılan uğurlardan danışıb.

Ümidin sözlərinə görə, Bakı Avropa Liseyinin Debat klubu qısa zamanda Azərbaycanın debat cəmiyyətində öz adından söz etdirməyi bacarıb:

“Biz ardıcıl qalibiyyətlərdən sonra turnirlərdə hamı bizi barmaqla göstərməyə başlayırdı. Biz zala daxil olanda “Bakı Avropa Liseyi” gəlir pıçıltılarını eşidirdik. Bu bizim üçün qələbəyə bərabər idi. İntellektual səviyyəimizi və bacarığımızı ortaya qoymağı bacarmışıq”.

Ü.Mahmudov bir vaxtlar özü iştirakçı kimi çıxış etdiyi turnirlərə, hazırda məşqçi kimi yeni debatçılar yetişdirməyə çalışır.

Liseyin debatçısı Əsgər Poluxov debatda qazanılan sertifikat və diplomların onun üçün motivasiya olduğunu deyir. Lakin, evdəki problemlərin həllində də bəzən açar rolunu oynaya bilir (gülür):

“Debat mənim dərslərimə elə də çox mane olmur. Amma insandan insana fərq var. Amma mane olubsa da belə, buna dəyər. Çünki debatda qazandıqlarım bunu deməyə əsas verir. “Kaş debata başlamazdım” sözünü heç vaxt demirəm. Debata qoşulmaq istəyənlərə də bunu demək istəyirəm ki, heç kəs debatdan qorxmasın, çəkinməsin. Əgər istedadınız varsa, bu sizdə alınacaq”.

Liseyin Debat klubunun təlimçisi, həmçinin Milli Debat Proqramının rəhbəri Məhəmməd Səmədov fevralın 18-də baş tutan sonuncu debat turniri haqqında məlumat verib.

Onun sözlərinə görə, son 2-3 ildə məktəblərdə debatın keyfiyyəti yüksək olmadığı üçün bu turnirdə biraz risklər olub:

“Ona görə qərara aldıq ki, ən yaxşı debat olan məktəblər arasında turnir təşkil edək. Biz istəyirdik əsl keyfiyyətli oyunlar görək. Daha öncəki turnirlərdə final oyununa baxırdıq ki, qələbələr çox rahat olurdu. Amma son turnirimizdə məktəblərə xüsusi diqqət ayırdıq, məşqçilərlə çox yaxından işlədik və sonda uğurlu nəticə oldu. Final oyununa nazir, ictimai şəxslər, media nümayəndələri və digər şəxslər baxdılar və razı qaldılar. Bu o deməkdir ki, biz doğru istiqamətdə çalışmışdıq”.

M. Səmədov deyir ki, artıq debatın məktəblərdə təhsil proqramı kimi keçirilməsinə çalışırlar:

“Gələcək nəsillərin bünövrəsi məktəblərdə qoyulur. Ona görə də istedadlı şagirdlər yetişdirmək lazımdır. Debatla məşğul olan yüzlərlə şagirdin arasında heç olmasa bir neçəsi gələcəkdə seçilən şəxslərdən ola bilərlər”.

Fərid Ədalət

Foto: Lalə Quliyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.