Dəniz neft sənaye hidrotexnikasının yaradılmasından danışarkən məhz onun adı anılır. İxtiralarına görə 22 müəlliflik şəhadətnaməsi alıb. Söhbət elmi ictimaiyyətin bu günlərdə 100 illiyini qeyd etdiyi böyük alim, texnika elmləri doktoru, professor İsrafil Quliyevdən gedir.
İsrafil Piri oğlu Quliyev 28 il "Dənizneftlayihə" institutunun elmi sahəsinə rəhbərlik edərək, özünü görkəmli alim və bacarıqlı təşkilatçı kimi göstərib. Neft elmlərinin təzə sahəsinin - dəniz neft, qaz yataqlarının inkişafında böyük nailiyyətlər qazanıb. O, Xəzər dənizində neft, qaz mədənlərinin tikintisi ilə əlaqədar layihə-konstruksiya və elmi-tədqiqat işlərinə rəhbərlik, həmçinin Qara, Azov və Oxot dənizlərində neft, qaz yataqlarının kəşfiyyat və işlənmə təşkilatı işlərində iştirak edib.
Dənizdə neft quyuları ilə bağlı ilk elmi işindən biri "Dənizdə neft quyularının tikintisinin əsas məsələləri" olub və bu mövzuda doktorluq dissertasiyası müdafiə edib. Dəniz neft və qaz yataqlarının işlənilməsi və dəniz neft mədənlərinin tikintisi, dəniz neftdaşıyan akvatoriyaların geoloji-texnoloji və mürəkkəb təbii şəraitlərinin tədqiqi və onların neft və qaz yataqlarının istehsalı məsələləri ilə uyğunlaşdırılması üzrə böyük tədqiqatların müəllifi olub.
İsrafil Quliyev dəniz neft sənaye hidrotexnikasının yaradılmasının banilərindəndir. Həyata keçirdiyi nəzəri və praktik tədqiqatlarla böyük elmi nəticələrə imza atıb. Yerli üzən buruq qurğuları kimi xüsusi neft mədən qurğuların yaradılması sahəsində nəzəri və eksperimental tədqiqatların müəllifidir.
Keçmiş SSRİ məkanında onun tədqiqat sahəsindəki təcrübələrindən yararlanılıb. İsrafil Quliyev elmi, texniki və "Yerin təkinin və dərin qazımanın tədqiqatı", "Korroziyadan müdafiə", "Xəzər dənizinin problemi", problemləri üzrə SSRİ Nazirlər Soveti Dövlət Komitəsinin idarələrarası elmi şuralarının üzvü olaraq öz təcrübəsini bölüşüb.
O, 30-dan artıq elmlər namizədi hazırlayıb. Bu da onu göstərir ki, sadəcə elmə öz töhfəsini verməyib, həm də özündən sonrakı nəslin yetişdirilməsində də mühüm rol oynayıb. 1978-1981-ci illərdə AzNKİ-da "Neft sənaye təşkilatçılarının hazırlanması" və "İqtisadiyyat, təşkilat və istehsalatın idarə edilməsi" kafedralarına rəhbərlik edib. Hazırladığı kadrlar keçmiş SSRİ-nin neft, qaz sənayesi və geologiyasının idarə olunmasında böyük uğurlar qazanıb.
İxtiraları ilə alimin adı dünyanın ən böyük auditoriyalarında səslənir. Həmin auditoriyalardan biri də bu gün Dövlət Neft və Sənaye Universiteti (ADNSU) olub. Universitetdə “Dəniz neft və qaz yataqlarının işlənilməsinin aktual problemləri” mövzusunda keçirilən konfransda alimin elmi fəaliyyətindən danışılıb.
100 illik yubileyində onu qürurla ananlardan biri ADNSU-nun rektoru, professor Mustafa Babanlı idi. O, İsrafil Quliyevin mənalı ömür yolundan, elmi yaradıcılığından, əldə etdiyi yüksək nailiyyətlərdən danışaraq qeyd edib ki, görkəmli alimin rəhbərliyi altında dənizdə neft-qaz qurğularının işlənməsi istiqaməti müəyyənləşdirilib, dəniz neft sənaye hidrotexnikası yaradılıb.
Neftin, qazın geotexnoloji problemləri və kimya ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmira Ramazanova isə alimin həyatdakı nailiyyətləri əməksevərliyi ilə əldə etdiyini vurğulayıb. Əmək fəaliyyətinə 1932-ci ildə "AzNeft" neft mədənlərində işləyərək başlayan alimin istər bu, istərsə də 1933-1935-ci illərdə "Azizbekovneft" və "Ordjonikidzeneft" treslərində qazıma üzrə texnik kimi qazandığı kiçik təcrübələr elmi fəaliyyətində böyük nəticələrin təminatı olub. Bu nümunə indiki nəslə də qürurla təlqin edilir.
ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov Böyük Vətən Müharibəsi iştirakçısı olan alimin idarəçilikdəki uğurlarına toxunub. Belə ki, İsrafil Quliyev 1950-1978-ci illərdə "Dənizneftlayihə" institutunun elmi işlər üzrə direktor müavini vəzifəsində olub, üstəlik, 10 il institut direktorunun vəzifəsini uğurla icra edib.
“Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov görkəmli alimin rəhbərliyi altında qazanılanların ölkə, elm üçün böyük əhəmiyyətindən danışıb. Dənizdə neft-qaz qurğularının işlənməsi istiqamətinin müəyyənləşdirilməsinin məhz İ.Quliyevin adı ilə bağlı olduğunu bildirib.
Natiqlər İsrafil Quliyevin 300-dən çox elmi məqalənin, 17 monoqrafiyanın və kitabın müəllifi olduğunu, onun məqalələrinin müxtəlif dillərə tərcümə edildiyini və dünyanın ayrı-ayrı ölkələrində nəşr olunduğunu vurğulayıblar.
Konfransa qatılan böyük alimin ailə üzvlərindən qızı və nəvəsi də onun yolunu davam etdirirlər. Nəvə İsrafil Quliyev “Schlumberger” şirkətinin “ Rezervuarların monitorinqi” şöbəsinin baş mühəndisidir. Alimin qızı Gülarə İmanova isə ADNSU-nun “Neftin-qazın nəqli və saxlanması” kafedrasının dosentidir.
Konfransın sonunda ADNSU-nun rektoru, professor M.Babanlı bildirib ki, professor İsrafil Quliyevin adına 2 təqaüd təsis edilib. Bu barədə verilən qərara görə, həmin təqaüd “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək nəticələr göstərən 1 bakalavr və 1 magistrə şamil ediləcək. Bundan başqa, universitetdəki auditoriyalardan biri alimin şərəfinə qurulacaq.
1news.az