Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı birgə məlumat yayıblar.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Vəkilov Namiq Cəbrail oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az