“Görülən ardıcıl tədbirlər hesabına ildən-ilə ölkəmizə səfər edən xarici turistlərin də sayı artmaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclasında çıxışı zamanı Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib.
Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.
Eyni zamanda elektron viza sisteminin tətbiqi və bu ilin yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır.
1news.az