Fevralın 28-də Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Həmçinin ötən illər ərzində ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Ə.Qarayev Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb. Bildirib ki, dövlət başçısının 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına və 2016-cı il 6 dekabr tarixli “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında Fərmanına əsasən ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülməsinə artıq başlanılıb:
“Turizm özlüyündə bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olacağıq. Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın fəaliyyətini təmin edəcək katibliyi də yaradılıb”.
Ə.Qarayev turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını deyib. Ticarət festivallarının keçirilməsi məsələsinə toxunan nazir bildirib ki, birinci festival aprelin 10-dan mayın 10-dək keçiriləcək.
Qeyd edilib ki, bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur.
Nazir ölkəmizə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral tarixində imzaladığı Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirib. Bu Sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan sərhəd, gömrük və digər sahələrdə çalışan yerli vətəndaşlara dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı üzrə təlimlərin keçirilməsi istiqamətində görüləcək işləri qeyd edib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılması istiqamətində görüləcək işlər haqqında məlumat verib. Həmçinin Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi məqsədilə Naftalan neft-tədqiqat qrupunun yaradılacağını vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova ölkəmizdə ticarət festivallarının keçirilməsi, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev büronun həyata keçirəcəyi işlər haqqında məlumat veriblər.
Sonra Milli Turizm Təbliğat Bürosunun “Bakı şəhərində Novruz bayramı zamanı bir həftə müddətində Novruz karnavalı”nın təşkili və turizm dayanacaq məntəqələrinin yaradılması haqqında layihənin təqdimatı olub.
Daha bir layihə turistlərin marağına səbəb ola biləcək turizm məkanlarına, Üzeyir Hacıbəylinin, Vaqif Mustafazadənin, Leapold və Mstislav Rostropoviçlərin, “Nobel qardaşları”nın və başqa muzeylərə daha çox ziyarətçi cəlb etmək məqsədini daşıyır. Bu layihədə 2017-ci ilin mart, aprel və may aylarında Bakı şəhərində keçiriləcək Beynəlxalq festivalları, idman oyunlarını və forumları nəzərə alaraq ilkin olaraq qısa tanıtım videoçarxlarının və çap məhsullarının hazırlanıb ölkənin hava limanlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində turistlərə paylanılmasını əhatə edir.
Həmçinin iclasda Şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.
Azərbaycanda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli istifadə imkanlarının yaradılması məqsədilə turistlərin məhdudiyyətli ərazilərə gediş-gəlişinin sadələşdirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi-tədqiqat işlərinin genişləndirilməsi müzakirə olunub.
1news.az