Bakı şəhərinin Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.
1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən Azərtac-a bildirilib.
Qurumdan məlumat verilib ki, üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək, kobud qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilib.
Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Buna görə də MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, baş mühəndis Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.
“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı ictimaiyyətə və KİV-ə vaxtında məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyib.
1news.az