Şəmkir rayonunun mərkəzində Məmmdəli Əhmədov küçəsi, ev 143 ünvanında Valentina Tağıyevaya məxsus fərdi yaşayış evində cinayət hadisəsi baş verib.
1news.az “ARB Kəpəz”ə istinadən xəbər verir ki, bir nəfər heç kimin olmadığını zənn edərək oğurluq məqsədi ilə evə daxil olub.
Pəncərəni sındıraraq içəri daxil olan oğrunun qarşısına ev sahibi Valentina Tağıyeva çıxıb. Həmin şəxs 80 yaşlı qadını döyüb. Lakin istədiyini əldə edə bilməyincə ünvanı tərk edib.
Valentina Tağıyeva deyib ki, oğru içəri girib üzünə işıq salıb:
“Ağzını açan kimi dedi pul ver. Dedim pulum yoxdu, çıx get. Sabah pensiyamı alacam, istəsən de verim. Bircə çıx get. O da dedi yox, pul haradadır, yerini de. Başımdan vurdu, özümü itirdim”.
Şəmkir polisi oğrunu qısa zamanda tapıb. Məlum olub ki, evə girən şəxs qadının qonşusu 31 yaşlı Emin Namazovdur.
Emin Namazov əməlini etiraf edib. O, ifadəsində sərxoş olduğunu və yaşlı qadının evdə olmasını bilmədiyini deyib:
“Birinci o biri evə getdim, qapı bağlı idi. Sonra gəlib bu evin pəncərəsini sındırdım. İçəri keçəndən sonra evdən bir nəfər üstümə gəldi. Gələndə bundan mən pul tələb etdim, dedi yoxumdu. Pensiyamı almamışam”.
Qeyd edək ki, E.Namazov əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.
1news.az