Media qurumunun baş redaktoruna xəbərdarlıq edilib.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya məlumat verilib.
Qurumdan bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında bu ilin fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib.
Bununla əlaqədar, xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilməklə, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
1news.az