Bakıda Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan park salınacaq.
1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, ölkə Prezidentinin sərəncamlarına uyğun olaraq Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində “Statistika dairəsi”ndə dəyişikliklər nəzərdə tutulub.
Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq yerləşdiyi ərazidən götürülüb. Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir.
“Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır.
Qeyd olunub ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində 5 dəfə böyük yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq. Yenidənqurma işlərinin 1-1.5 aya yekunlaşdırılması planlaşdırılır.
1news.az