Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri fevralın 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində altı evə baxış keçiriblər.
Baxış zamanı 873 qəlpə, iki partlamamış hərbi sursat (“F-1” əl qumbarası və 100 millimetrlik “OF-412” top mərmisi) aşkar edilib. Nəticədə 51 min 650 kvadratmetr ərazi (27 min 800 kvadratmetr əl ilə, 12 min kvadratmetr mexaniki üsulla və 11 min 850 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Agentlikdən 1news.az-a verilən məlumata görə, 24 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 95 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Baxış nəticəsində doqquz partlamamış hərbi sursat - 3 ədəd 82 millimetrlik “OF-832” minaatan mərmisi, iki ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, bir ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi tapılıb. Bundan başqa, 3 ədəd piyada əleyhinə “OZM-72” minası və 26 ədəd tank əleyhinə mina (2 ədəd “TM-57” minası, 24 ədəd “TM-57” əleyhinə minanın partladıcısı - “MVZ-57”) aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə 704 min 709 kvadratmetr ərazi (352 min 259 kvadratmetr əl ilə, 161 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 78 min 450 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Yanvarın 1-dən fevralın 27-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 99 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1966 partlamamış hərbi sursat, 64 tank və 5 piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 736 min 803 kvadratmetr ərazi (384 min 353 kvadratmetr əl ilə, 161 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 78 min 450 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
1news.az