Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda qəbul imtahanlarının ödənişsiz keçirilməsinin detallarını açıqlayıb.
1news.az “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşlarına və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirən, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarına şamil olunacaq.
DİM-dən bildirilib ki, bu il qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət edən şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək. Bu qayda eyni zamanda, bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaq. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək.
Məlumata görə, bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər:
“Yuxarıdakı kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”.
DİM-dən bildirilib ki, bu sərəncamın icrasından ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan gənclərinin böyük əksəriyyəti faydalanacaq.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
1news.az