Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-220 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, fevralın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 469 sm (2016-cı il fevralın 24-də 448 sm), Şirvanda 357 sm (2016-cı il fevralın 24-də 307 sm), Salyanda 321 sm (2016-cı il fevralın 24-də 273 sm), Bankədə 239 sm (2016-cı il fevralın 24-də 214 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2016-cı il fevralın 24-də 168 sm) təşkil edir.
1news.az