Xəbərlər

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyi gücləndiriləcək
23 fevral, 2017 19:30

Prezident İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, konkret hədəflərə yönəlmiş genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası ilə bağlı, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasında istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatları əks etdirən www.azexport.az internet portalı yaradılmış və portalın real vaxt rejimində fəaliyyəti təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də ixracyönümlü iqtisadi model önə çəkilərək, yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata keçid başlıca məqsədlərdən biri kimi müəyyən olunmuşdur. Bu çərçivədə xüsusən MDB ölkələri, Türkiyə, Gürcüstan və İran kimi mühüm region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağıtarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində Azərbaycanın ticarət qovşağı kimi mövqeyinin güclənməsi hədəflənmişdir.

Bu məqsəd ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, onun ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini daha da artırmaq, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının aparıcı mövqeyini bu əsasda daha da gücləndirmək məqsədilə qərara alıram:

1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

1.1. www.azexport.az internet portalında (bundan sonra – Portal) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində təmin etsin;

1.2. Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılmasını üç ay müddətində təmin etsin;

1.3. Portala inteqrasiya olunmuş dövlət orqanlarının informasiya resursları arasında Portal daxilində real vaxt rejimində məlumat mübadiləsinin təşkil edilməsi ilə bağlı tədbirlər görsün;

1.4. Portal vasitəsilə təqdim olunan malların dəyərinin real vaxt rejimində ödənilməsi imkanının və elektron pul kisəsinin yaradılmasını təmin etsin;

1.5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasının təmin olunması ilə bağlı tədbirlər görsün;

1.6. Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;

1.7. Portalın əsasnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. bu Fərmanın 12-ci hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin etsin;

1.9. Portalın dövlət-özəl tərəfdaşlığı prinsipinə və korporativ idarəetmə standartlarına əsaslanmaqla idarə olunmasını təmin etmək məqsədilə tədbirlər görsün;

1.10. bu Fərmanın 10-cu hissəsindən irəli gələn məsələləri həll etsin;

1.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılmasını dörd ay müddətində təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə:

3.1.1. xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılması və həmin imzaların əldə edilməsi qaydası barədə məlumatın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, habelə ingilis və müvafiq ölkələrin dövlət dillərinə tərcümə edilməklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dörd ay müddətində:

4.1. Portalın fəaliyyətini təmin edəcək hüdudlarda öz informasiya resurslarının Portala inteqrasiyasını;

4.2. Portal vasitəsilə bağlanılmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulmasını, təqdim edilməsini, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsini təmin edəcək texniki imkanların yaradılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin Portal vasitəsilə elektron formada qəbulu imkanının yaradılmasını dörd ay müddətində təmin etsin;

5.2. icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsi təmin olunduqdan sonra “Lisenziya və icazələr” portalının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifləri əsasında müəyyən olunmuş hüdudlarda Portala inteqrasiyasını bir ay müddətində təmin etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Portal vasitəsilə ixrac əməliyyatlarının aparılması zamanı fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi barədə məlumatların əldə olunması məqsədilə öz informasiya resurslarının Portala inteqrasiyasını təmin etmək üçün dörd ay müddətində tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Portal vasitəsilə ixrac təşviqinin ödənilməsi üçün təqdim edilmiş müraciətə əlavə olunmuş, vəsaitin ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən sənədin həqiqiliyi barədə məlumatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin elektron müraciəti əsasında verilməsini həmin müraciətin daxil olduğu gündən bir iş günü müddətində təmin etsin.

8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə “ASAN xidmət” mərkəzlərində ixracatçılara biznes planların və müqavilələrin hazırlanmasında məsləhət xidmətləri, xarici bazarların araşdırılmasında kömək göstərilməsi, habelə təbliğat-təşviqat işinin həyata keçirilməsi ilə bağlı tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və elektron imza, o cümlədən “ASAN imza” sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının BMT-nin “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulması ilə bağlı zəruri tədbirlər görsün və görülmüş işlərin nəticəsi barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. elektron imza, o cümlədən “ASAN imza” sertifikatı əldə etmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində vergi ödəyicisi kimi elektron qeydiyyatı imkanlarının təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.6. Azərbaycan Respublikasında istehsal olunan malların elektron ticarət qaydasında təqdim edilməsi ilə bağlı ixracatçıların Portala müraciətləri nəzərə alınmaqla, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin müraciəti əsasında, dövlət orqanları və qurumları tərəfindən bu Fərmanın 10.1–10.5-ci bəndləri ilə əhatə olunmayan icazələrin verilməsi ilə bağlı bu Fərmanın 10-cu hissəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsin;

9.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Aşağıda qeyd olunan dövlət orqanları icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsi ilə bağlı sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi, bu sahədə işlərin əlaqələndirilməsi, eləcə də “Lisenziyalar və icazələr” portalı fəaliyyətə başlayana qədər icazənin, onun dublikatının və əlavəsinin verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvinə dair müraciətlərin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində də həyata keçirmək üçün zəruri işçi qüvvəsi və texniki kommunikasiya resursları ilə təminat məsələləri ilə, habelə öz informasiya resurslarının bu Fərmanın 10.1–10.5-ci bəndlərində nəzərdə tutulan hədlər daxilində Portala inteqrasiyası ilə əlaqədar iki ay müddətində tədbirlər görsünlər:

10.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

10.1.1. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsini;

10.1.2. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsini;

10.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

10.2.1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının verilməsini;

10.2.2. malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsini;

10.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

10.3.1. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsini;

10.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:

10.4.1. mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsini;

10.5. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

10.5.1. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsini.

11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu Fərmanla müəyyən edilmiş qaydada informasiya resursları Portala inteqrasiya olunmaqla Portalla fasiləsiz əlaqənin təmin edilməsi məqsədilə həmin qurumlar daxilində müvafiq texniki kommunikasiya vasitələri ilə və zəruri avadanlıqlarla təchiz edilmiş iş şəraitinin yaradılmasını və işçi qüvvəsinin ayrılmasını təmin etsinlər.

12. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsaitdən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450,0 (dörd yüz əlli) min manat ayrılsın.

13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 12-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.