Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan ilə görüşüb.
1news.az APA-ya istinadən xəbər verir ki, görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazim Səmədov ölkədə turizm sahəsində aparılan islahatlar barədə məlumat verib.
Görüş zamanı martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərindən Bakıya ilk birbaşa reysin həyata keçiriləcəyi və bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər edəcəkləri bildirilib.
Nümayəndələr qeyd ediblər ki, “Air Arabia” hava yolları loukoster şirkəti olduğundan sərnişinlərin 30-35 %-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur.
Görüşdə aprel ayında şirkət tərəfindən turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərin təşkilinin nəzərdə tutulduğu da bildirilib.
Nazim Səmədov qonaqlara ölkəmizin iqlimi, turizm potensialı, bu ildən etibarən hər il aprel və oktyabr aylarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan Şopinq festivalı barədə məlumat verib.
1news.az