Ötən gün axşam saat 20 radələrində Nizami rayonu Qara Qarayev prospekti, ev 74 ünvanında 1981-ci il təvəllüdlü Həsənquliyev Sərdar Ənvər oğlu özü-özünə xəsarət yetirib.
1news.az SalamNews-a istinadən xəbər verir ki, Sərdar Həsənquliyev mağadan çıxan qadını izləyərək onun çantasını götürüb qaçmaq istəyərkən, zərərçəkmiş səs-küy salaraq ətrafda xidmət aparan polis əməkdaşlarını köməyə çağırıb.
Qadının çağırışına dərhal reaksiya verən polis əməkdaşları oğrunu elə hadisə yerindəcə yaxalayıblar. Sərdar Həsənquliyev yaxalandığını gördükdə, üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib. Bundan sonra Həsənquliyev elə polis əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ilkin müayinələr zamanı S. Həsənquliyevə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahiyə şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla əlaqədar Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, Sərdar Həsənquliyev əvvəllərdə Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə məhkum olunub.
1news.az