Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında “The Harris Poll” nəşri tərəfindən tərtib edilmiş korporativ brendlərin nüfuz reytinqində “Samsung” korporasiyası 40 pillə aşağı enib.
Nəşrin məlumatına görə, 2017-ci ildə “Samsung” həmin reytinqdə 49-cu yerdə qərarlaşıb ki, bu da Cənubi Koreya brendinin ötənilki nəticəsi (7-ci yer) ilə müqayisədə xeyli aşağıdır. Həmçinin məlumata əsasən, “Samsung” son 3 ildə daima dünyanın aparıcı brendlərinin onluğunda olub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “The Harris Poll” nəşrinin versiyasına görə, “Amazon” internet riteyleri bu nüfuz reytinqində birinci pillənin sahibidir. “Apple” korporasiyası reytinqdə beşinci, “Google” və “Tesla Motors” şirkətləri müvafiq olaraq 8-ci və 9-cu yerləri tutublar. Yüksək texnologiyalı şirkətlərdən başqa, həmçinin “Wegmans” və “Publix Super Markets” supermarketlər şəbəkələri, “Johnson & Johnson” əczaçılıq nəhəngi, “UPS” logistika şirkəti, “The Walt Disney Company” korporasiyası və “3M” innovativ istehsal şirkəti reytinqə düşüb.
Analitiklər “Samsung”un nüfuzunun kəskin azalmasını uğursuz “Galaxy Note 7” smartfonu ilə izah edirlər. Bundan başqa, şirkətin rəhbərliyinin hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya qalmaqalında iştirakı “Samsung”un nüfuzuna böyük xələl gətirib.
1news.az