ABŞ-ın məşhur elmi-publisistik jurnalı “Natural History” (Təbiət tarixi) Bilgəh zəfəranı barədə ətraflı məqalə dərc edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutundan 1news.az-a verilən məlumata görə, “Saffron” (Zəfəran) sərlövhəli material dünyada geniş miqyasda oxunan jurnalın fevral nömrəsində işıq üzü görüb. Məqalənin müəllifi Geologiya və Geofizika İnstitutunun (GGİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur.
Yazıda Azərbaycanın 100 ildən çox yaşı olan zəfəran əkinçiliyi mədəniyyəti, əsasən Bilgəhdə yetişdirilən bu bitkinin faydaları və ondan təbabətdə istifadə qaydaları haqqında geniş məlumat verilir. Əkin prosesi çətin olmayan və böyük qayğı tələb etməyən yerli zəfəranın keyfiyyəti, ciyər, göz, mədəaltı vəzi, ürək-damar sistemi, böyrək və digər bədən orqanlarının xəstəliklərinə qarşı müalicəvi effekti məqalədə ətraflı təsvir olunur. Burada zəfəranın ölkəmizin iqtisadiyyat və mədəniyyət tarixində, həmçinin Abşeron əhalisinin gündəlik həyatı və illik gəlirində oynadığı roldan xüsusi bəhs edilir.
Müəllif Azərbaycandan əlavə digər ölkələrin alimlərinin zəfəranla bağlı tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini doqquz ay araşdırdıqdan sonra topladığı məlumatları məqalə halında “Natural History” jurnalına təqdim edib. Jurnalın dörd səhifəsini təşkil edən materialda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Bitki biotexnologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov və Meksikanın Milli Pediatriya İnstitutunun “Eksperimental onkologiya” laboratoriyasının azərbaycanlı rəhbəri, biologiya elmləri doktoru Fikrət Abdullayevin çoxillik tədqiqatlarının nəticələri xüsusilə geniş yer alıb.
Qeyd edək ki, məqalə S.Hüseynovun “Natural History” jurnalında dördüncü yazısıdır. Altı il əvvəl onun sözügedən nəşrdə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı, 2012-ci ildə qlobal iqlim dəyişmələrinin Xəzərə təsiri, 2016-cı ildə isə Xəzər suitisinin tükənmə təhlükəsi barədə geniş materialları dərc olunub.
1news.az