Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İdarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb.
Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib.
Həmin qutulara baxış nəticəsində isə külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az