Fevralın 24-də saat 15:00-da, “Xətai” Sənət Mərkəzində 26 fevral Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid Şəhər” uşaq rəsm sərgisi keçiriləcək.
1news.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbirin əsas məqsədi Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların faciənin mahiyyətini necə təsəvvür etdiklərini rəsm əsərləri vasitəsi ilə nümayiş etdirməkdir.
Xocalı soyqrımının 25-ci ildönümü münasibəti ilə elan olunmuş respublika uşaq rəsm müsabiqəsində Tofiq İsmayılov adına məktəb, Lənkəran şəhəri Əsəd Əsədli adına Rəssamlıq Məktəbi, Günəşli qəsəbəsi Əlifba Tədris Mərkəzi və Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası xüsusi fəallıq göstərib, o cümlədən, Gəncədən, Ucardan və Bakını müxtəlif məktəblərindən 300-dən çox uşaq, 400-ə yaxın əl işi ilə tədbirə qatılıb. Sərgidə 110 uşağın, 118 rəsmi nümayiş olunacaq.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri, Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Xocalı soyqırımı zamanı silahsız və köməksiz vəziyyətdə olan 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb.
1news.az