Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyevin Ukraynanın versii.com saytında Xocalı soyqırımından bəhs edən geniş məqaləsi yayımlanıb.
1news.az-ın məlumatına görə, “Azərbaycanlıların Xocalı soyqırımının dərsləri” adlanan yazıda müəllif artıq uzun illərdir Xocalının Babiy Yar, Osventsim, Xatın, Buhenvald kimi sadəcə çoğrafi ad deyil, dünyanı sarsıdan xüsusi qəddarlıq və insanlıqdan uzaq kütləvi qətllərin törədildiyi ünvan olduğunu yazır. Bildirilir ki, 25 il keçməsinə baxmayaraq, Xocalı şəhərində erməni qəsbkarlarının törətdiyi qırğınların ağrısı sakitləşməyib.
Erməni ekstremistləri və millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının ən dəhşətli kütləvi terror aktı kimi tarixə düşdüyü vurğulayan müəllif əlavə edir ki, son 200 il ərzində Azərbaycan xalqı soyqırımı və etnik təmizləmə siyasətinin qurbanı olub.
Məqalədə ermənilərin “Böyük Ermənistan” ideyaları və bu istiqamətdə aparılan siyasətin tərkibi olaraq azərbaycanlıların doğma torpaqlarından çıxarılması haqqında geniş məlumat verilir, 1988-ci ildən etibarən SSRİ-nin o vaxtkı rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə danışılır. Müəllif oxucuların diqqətini işğal əməliyyatları zamanı erməni hərbçilərinn Qarabağın kəndlərinə dinc sakinlərə qarşı törətdiyi kütləvi qətllərə yönəldərək, nəhayət, “məzlum və əzabkeş” erməni xalqının vicdanında qara ləkə kimi qalacaq tarixi cinayət olan Xocalı soyqırımının baş verməsini qeyd edir.
A.Quliyev Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi fəlakətlərin siyahısına 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımının da əlavə olunduğunu dərin təəssüf hissi ilə oxucuların diqətinə çatdırır.
Yazıda Xocalı soyqırımının, insanlığa zidd olan qəddarlıqların ukrayn, gürcü, rus, ingilis, türk, fransız, alman, amerikan, polyak və digər millətlətlərdən olan jurnalistləri dəhşətə gətirdiyi vurğulanır. Qeyd olunur ki, Evlərindən qovularaq bütün Azərbaycana səpələnmiş Xocalı soyqırımının canlı şahidləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edir. “İnanmaq istərdik ki, dünya ictimaiyyəti Xocalı şəhərində baş vermiş dəhşətli faciəyə laqeyd qalmayacaq, insanlığa qarşı törədilmiş soyqırıma nəinki hüquqi qiymət veriləcək, həmçinin, qanlı cinayətin günahkarları öz cəzasının alacaq” – deyə müəllif qeyd edir və dünya ictimaiyyəti erməni cinayətkarlarının yalanlarına inanmamağa, onların layiqli cəzasını alması üçün səy göstərməyə çağırır.
Qeyd edək ki, 1998-ci ildən Ukraynada yaşayan A.Quliyev “Ukrayna Azərbaycanlılarının Elmi Şurası”nın sədri, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin (KMAU) professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademikidir. Arif Quliyev dəfələrlə Ukrayna elminə və Azərbaycan-Ukrayna əlaqalərinə verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülüb.
1news.az