Xəzərdə itkin düşən neftçilərdən birinin cəsədi 56 gün sonra tapıldı.
1news.az xəbər verir ki, bu barədə Trend-ə Axtarış-Xilasetmə qərargahından məlumat verilib.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin “Pirsaat” burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində 10 nəfər itkin düşüb, onlardan üçünün meyiti tapılıb.
1news.az