Bakıda iri tibb müəssisələrində fəaliyyət göstərən doğum evlərinin statusu dəyişdiriləcək.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayaradım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova APA-ya bildirib.
Onun sözlərinə görə, ilkin olaraq paytaxtdakı II səviyyədə olan 2 doğum evinin həyata keçirdiyi müalicə işlərinin həcmi, yardımlar III səviyyəli doğuşayardım tibb müəssisəsinə uyğun gəlir:
“Belə olan halda onların statusu dəyişdirilərək III səviyyə kimi qəbul olunacaq. Həmin müəssisələr III səviyyənin funksiyasını əksər hallarda yerinə yetirə bilir. Ümumiyyətlə, bu gün Bakıda III səviyyəli doğuşayardım müəssisəsi kimi yüksək ixtisaslı yardım göstərən bir neçə xəstəxanalar var ki, onlar statusuna görə bu gün II səviyyəli doğum evləri hesab edilir. Halbuki onlar az çəkili uşaqlara, ağır patologiyalı xəstələrə yardım göstərə bilirlər. Həmin müəssisələrin göstərdiyi yardım, həyata keçirdiyi müalicə işlərinin həcmi III səviyyəli doğuşayardım tibb müəssisəsinə uyğun gəldiyi üçün onlara bu status veriləcək. Tibb müəssisələrinin statusunun dəyişməsi prosesi bu ildən başlayaraq həyata keçiriləcək”.
S.Məmmədova regionlarda yeni perinatal mərkəzlərin açılmasının gündəmdə olmadığını deyib:
“Hər hansı regionda perinatal mərkəzin yaradılması Nazirlər Kabinetinin dövlət proqramlarına daxil olan və strateji əhəmiyyət daşıyan bir məsələdir. Təminata, təchizata, fəaliyyətə görə, ətraf rayonların əhalisinə yardım göstərmək imkanı olduğu i halda hökumət hansısa regionda yeni perinatal mərkəzin yaradılmasına qərar verir”.
1news.az