İşlə təmin olunmamış qaçqın və məcburi köçkün səhiyyə işçilərinin orta aylıq əmək haqqının saxlanıldığı dövr fasiləsiz əmək stajına daxil edilməyəcək.
1news.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Kollegiyası “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nı təsdiq edib.
Yeni Qaydalarının təsdiq edilməsi ilə əlaqədar “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Səhiyyə Nazirliyinin 15.09.2005-ci il tarixli 104 nömrəli əmri ləğv edilib.
Fevralın 16-dan qüvvəyə minən yeni Qaydalar Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə uyğun olaraq hazırlanıb və fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydasını müəyyən edir. Qaydalara əsasən fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşə) çalışdıqda ödənilir. Səhiyyə işçilərinin fasiləsiz əmək stajına müvafiq peşə və vəzifələrdə fasiləsiz faktiki işlədikləri dövrlər daxildir. Eyni zamanda fasiləsiz əmək stajına aşağıdakı dövrlər də daxil edilir:
- xidməti borcun yerinə yetirilməsi ilə əlaqədar hərbi və ya alternativ xidmət dövrü;
- hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplantılarda və səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak dövrü;
- beynəlmiləl borcun yerinə yetirilməsi ilə əlaqədar xidmət dövrü;
- 1941-1945-ci illərdə SSRİ Silahlı Qüvvələrində (habelə müharibə qurtardıqdan sonra), partizan dəstələrində xidmət dövrü, eləcə də müharibə illərində hərbi qulluqçunun əsir olduğu dövr (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbəsinin arayışı olduqda);
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan silahlı qüvvələrində, daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidmət dövrü;
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
- qanunsuz və ya əsassız əmək müqaviləsinə xitam verilmiş işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi (qərarı) əsasında məcburi işburaxma dövrü;
- ödənişli məzuniyyət dövrü;
- sosial məzuniyyət, eləcə də uşağa qulluq üçün verilən qismən ödənişli sosial məzuniyyət dövrü;
- əmək qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və müddətlərdə işçiyə verilən ödənişsiz məzuniyyət dövrü və işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə üç aydan çox olmayan müddətə verilən ödənişsiz məzuniyyət dövrü;
- əmək qanunvericiliyinə uyğun olaraq işçinin iş yerinin və orta əmək haqqının saxlanıldığı hallardakı dövrlər.
Fasiləsiz əmək stajı aşağıdakı hallarda saxlanılır, lakin bu dövrlər fasiləsiz əmək stajına daxil edilmir:
- özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış qaçqın və məcburi köçkünlərin qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının saxlanıldığı dövr;
- xidməti funksiyaların yerinə yetirilməsi ilə əlaqədar dövlət tərəfindən xarici ölkəyə işləməyə göndərilmiş şəxsin arvadının (və ya ərinin) xarici dövlətdə olduğu müddət;
- elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bır müddət bitdikdən sonra işçinin iş axtaran və ya işsiz vətəndaş kimi məşğulluq orqanlarında qeydiyyatda olduğu dövr;
- stajkeçmə, ordinatorluq, internatura, bakalavriat və rezidentura dövrləri.
Səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) orta tibb heyəti vəzifələrindən çağırışların qəbulu və onların səyyar briqadalara ötürülməsi üzrə feldşer (tibb bacısı) və yaxud təcili yardım yarım stansiyasının böyük feldşer vəzifələrinə keçirilmiş işçilərinə keçmə anına kimi fasiləsiz əmək stajına görə ödənilən əvvəlki əlavə haqq saxlanılır. Həmin işçilər fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən peşə və vəzifələrə keçirildikdə (təyin edildikdə) onların əvvəlki fasiləsiz əmək stajı saxlanılır, lakin səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) feldşeri (tibb bacısı) və yaxud təcili yardım yarımstansiyasının böyük feldşeri vəzifəsindəki əmək stajı əlavə haqq almaq hüququ verən fasiləsiz əmək stajına daxil edilmir. İşçi fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən bir vəzifədən (peşədən) digər vəzifəyə (peşəyə) keçərkən üç aydan çox müddətə fasiləyə yol verərsə və yaxud 1941-1945-ci illərdə SSRİ Silahlı Qüvvələrində (habelə müharibə qurtardıqdan sonra), partizan dəstələrində xidmət dövrü, eləcə də müharibə illərində hərbi qulluqçunun əsir olduğu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan silahlı qüvvələrində, daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidmət dövrlərdən sonra üç aydan çox müddətə heç bir üzrlü səbəb olmadan (xəstələnməsi, təbii fəlakət, fövqəladə vəziyyət və s. analoji hallar) fasiləyə yol verərsə fasiləsiz əmək stajı saxlanılmır.
Fasiləsiz əmək stajına hüquq verən əmək stajı işçinin əmək kitabçasında edilən qeydlərə və ya zəruri hallarda iş yerindən verilmiş arayışlara əsasən müəyyən edilir.
1news.az