Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurası Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması məqsədilə fevralın 20-dən 26-dək “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirəcək.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı “dəyirmi masa” ətrafında fikir mübadiləsi aparılıb.
Gənclər kampaniyaya qoşulmaq üçün khojaly.nayora.az saytına daxil olub, müvafiq onlayn fəaliyyətlərlə bağlı ətraflı məlumat ala və bu fəaliyyətlərə dəstək ola bilərlər.
Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır.
1news.az