Bakının məktəblərində yeni təcrübə həyata keçirilir.
1news.az Azərtac-a istinadən xəbər verir ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində paytaxtın 35 məktəbində 116 “sağlam təhsil” sinfi açılıb.
Onlardan biri Sumqayıtda, digərləri isə paytaxt məktəblərində yaradılıb. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Ənənəvi dərs otaqlarından fərqli olaraq bu siniflərdə şagirdlər dərsləri həm oturaq vəziyyətdə, həm də ayaq üstündə dinləyirlər.
Divarda quraşdırılan xüsusi lampaların 15 dəqiqədən bir yanib sönməsi ilə isə şagirdlər yerlərini dəyişirlər. Bu onların həm canlanmasına, həm də fiziki yorğunluqlarının aradan qaldırılmasına kömək edir. İkinci 15 dəqiqə isə göz gimnastikası üçündür. Bu qaydalar şagirdlərdə tədris proqramından irəli gələn hərəkət məhdudiyyətinin aradan qaldırılmasına kömək edir.
Məktəblilərin psixoloji yorğunluğunun aradan götürülməsi üçün layihənin tətbiq olunduğu sinif otaqlarının görünüşü də fərqli yaradılıb. Burada dərs prosesi də fərqlidir. Uşaqlarla qrup şəklində işləməyə üstünlük verilir. Layihəyə Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və psixoloqları cəlb olunublar. Onlar məktəblərin həkimləri ilə birgə ildə iki dəfə monitorinqlər aparırlar.
“Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır.
1news.az