Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun 78 yaşı tamam olur.
1news.az-ın məlumatına görə, Y.Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent) və BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan) işləyib, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb. O, 2004-cü ildən Tarix İnstitutunun direktorudur.
Y.Mahmudov 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordenilə, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif olunub.
Y.Mahmudovun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş videotəqdimatı təqdim edirik:
1news.az