Milli Azərbaycan Tarixi Muzeyində bir çox görkəmli Azərbaycan hərbçisinin materialları qorunur və gənc nəsillərə hərb tariximizin yadigarı kimi təbliğ edilir.
Belə ki, Muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, “artilleriya allahı”, general-leytenant Əliağa Şıxlinskiyə məxsus şəxsi əşyalar mühafizə olunur. Belə eksponatlardan biri də xüsusi zövqlə hazırlanmış yəhərüstüdür.
Üzəri güləbətin işləməli yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanıb. Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var. Material bərpaya ehtiyac olduğundan Muzeyin bərpa laboratoriyasının bərpaçı - rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilib. Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib.
Qeyd edək ki, Ə.Şıxlinski və digər Azərbaycan generallarının fəaliyyəti Azərbaycan hərb sənətinin inkişafında böyük rol oynayıb. Onlara məxsus materialların da Muzeydə mühafizəsi və təbliği gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox önəmlidir.
1news.az