İtaliya Azərbaycanla ticarətdə yeni sektorları əhatə etmək niyyətindədir.
1news.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İtaliya Ticarət Palatasının Bakı ofisinin rəhbəri Luici D'Aprea deyib.
Onun sözlərinə görə, İtaliya və Azərbaycan arasında ticarətin inkişaf imkanları çox genişdir və bu təkcə neft-qaz sektorunda özünü göstərmir.
İki ölkə arasında mal dövriyyəsinin həcminə toxunaraq, İtaliya Ticarət Palatasının Bakı ofisinin rəhbəri qeyd edib ki, ikitərəfli ticarətin cüzi azalması baxmayaraq, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır:
“İtaliya və Azərbaycan arasında çox gözəl ikitərəfli və iqtisadi əlaqələr var. Son səkkiz il ərzində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır, ixracatçı ölkələr arasında dördücü və energetika sektorunda birinici istehlakçıdır”, - deyə D'Aprea bildirib.
Onun sözlərinə görə, İtaliya məhsulları Azərbaycanda çox qiymətləndirilir və bu yalnız lüks seqmentinə aid deyil.
Ötən ilin yekunları üzrə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi, 2015-ci illə müqayisədə 33,5 faiz azalaraq, 1,89 milyard dollar təşkil edib. Səkkiz il ərzində Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında birinci yeri tutan İtaliya, 2016-ci ilin yekunlarına görə üçüncü yerə düşüb. Hesabat dövründə Azərbaycan 1,56 milyard dollarlıq İtaliyaya məhsul ixrac edib ki, bu da Azərbaycanın bütün ixracının 17,06 faizini təşkil edib. İtaliyadan idxal 2015-ci illə müqayisədə 43,5 faiz azalaraq, 332,19 milyon dollar təşkil edib.
1news.az