Uzunluğu 154,4 kilometr olan Mingəçevir-Bəhramtəpə avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.
1news.az-ın ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, layihəyə əsasən, avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsi, Aran-Qarağacı hissəsi və Qarağacı-Bəhramtəpə hissəsində yenidənqurma işləri aparılır.
Qeyd olunub ki, yolun 16,4 kilometrlik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il başlanılıb və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır.
Layihəyə uyğun olaraq, 2 hərəkət zolağından ibarət yolun hərəkət hissəsinin eni 7,5 metr olmaqla, ümumi eni 15 metr təşkil edəcək. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq.
Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 kilometrlik ərazidə əsasın alt layı və qırmadaş lay, 9,5 kilometrlik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa, Kürəkçay üzərində 1 aşırımlı və 18 metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 alt keçidin və 7 düzbucaqlı keçidin tikintisi də aparılır.
Avtomobil yolunun uzunluğu 26 kilometr olan Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin sonunda başlanılıb.
Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Hazırda sözügedən hissədə işlər tamamlanmaq üzrədir, 4,5 kilometr ərazidə torpaq yatağının tikintisi, 7,5 kilometr ərazidə isə bitki qatının çıxarılması və 8 kilometr mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan başqa, layihə çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Mingəçevir-Bəhramtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədilə 2 aşırımlı və 63 metr uzunluğunda qovşağın, həmçinin yolun 9,3-cü kilometrində İncəçay üzərində 1 aşırımlı və 33,8 metr uzunluğunda avtomobil körpüsünün, 5 yeraltı keçidin inşası işləri aparılır.
Avtomobil yolunun 111,9 kilometr uzunluğunda Qarağacı-Bəhramtəpə hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəllərində başlanılıb və 2 il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır.
Hazırda 24,3 kilometr hissədə torpaq işləri görülüb, körpü və yeraltı keçidlərin tikinti işləri aparılır.
Layihə üzrə sözügedən hissənin 34,7-ci kilometrində, Tərtərçay üzərində 3 aşırımlı və 111,4 metr uzunluğunda, 57,3-cü kilometrində Xaçın çayı üzərində 2 aşırımlı və 61,1 metr uzunluğunda və 85,2-ci kilometrində 38 metr uzunluğunda avtomobil körpülərinin inşası gedir. Buna paralel olaraq yolboyu 17 yeraltı keçiddən 7-si tikilib, 243 ədəd müxtəlif diametrli borudan 45-i tikilib, digərlərinin inşası isə davam etdirilir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması ilə yolboyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də, Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat gediş-gəlişi təmin olunacaq.
1news.az