2016-cı ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Ötən ildə ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz artım deməkdir.
1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə ölkəmizə daha çox Rusiya (33 faiz), Gürcüstan( 22,5 faiz), Türkiyə (13,9 faiz) və İrandan (10,9 faiz) gələnlər çoxluq təşkil edib.
Bununla yanaşı, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması, sözügedən ölkələrdən Azərbaycana səyahət edən turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.
2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
1news.az