Dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz edilmiş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb.
1news.az AZƏRTAC-a istnadən xəbər verir ki, Səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək, yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək.
Qeyd edək ki, Səyyar “ASAN qatar” ilk dəfə olaraq fevralın 1-dən etibarən Qazax şəhərində 15 gün müddətində vətəndaşlara xidmət göstərməyə başlayıb.
“ASAN qatar”ın xidmətlərindən Qazaxla yanaşı Şəmkir, Ağstafa və Tovuz rayonlarının sakinləri də faydalana bilər. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Səyyar Xidmətlərin Təşkili Şöbəsinin Baş məsləhətçisi Fəda Abbasov bildirib ki, səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 4 vaqondan ibarətdir. Hava şəraitinin qarlı və soyuq olmasına baxmayaraq, elə ilk gündən rayon əhalisinin fəallığı müşahidə olunur. “ASAN qatar”a üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, eləcə də digər xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün də müraciət edirlər. Vətəndaşlar dinlənilir və aidiyyəti üzrə xidmət vaqonunda onun müraciəti təmin olunur.
Qeyd edək ki, səyyar “ASAN qatar” da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Onu da bildirək ki, “ASAN qatar”ın növbəti ünvanı Tovuz rayonunun Qovlar şəhəri olacaq.
1news.az